Profilinə görə regionda yeganə tibb müəssisəsi olan Talassemiya Mərkəzi

Ümumdünya hepatit günü.

23.07.2019

Hər il 28 iyul “Ümumdünya Hepatit Günü” olaraq qeyd edilir. Bu günün məhz 28 iyul tarixində qeyd olunması hepatit B virusunu kəşf edən və ona qarşı qoruyucu vaksin yaradan, bu nailiyyətinə görə Nobel mükafatına layiq görülən professor Baruch Blumbergin anadan olduğu tarixlə bağlıdır. Bu tarix ictimai səhiyyə problemi olaraq bilinən hepatit xəstəliyinin ciddiyyətini və vacibliyini vurğulamağa, dünya ölkələrində yoluxmaya qarşı maarifləndirmə və profilaktik tədbirlərin gücləndirilməsinə xidmət edir.

Qaraciyər insan orqanizminin ən böyük vəzilərindəndir. Ağırlığı təxminən 1500-2000 qramdır. Qaraciyər protein sintezi, xolesterin mübadiləsi, karbohidrat mübadiləsi, detoksikasiya, bəzi vitaminlərin sintezi ( A,D,E,K ) və başqa funksiyaları yerinə yetirir. Qaraciyər özünü bərpa (regenerasiya) qabiliyyətinə malik yeganə visseral orqandır. Qaraciyər hüceyrələrinin iltihabı hepatit adlanır. Hepatit nəticəsində qaraciyərin bir çox funksiyası pozula bilər. Hepatit səssiz və klinik simptomsuz ola bilər. Lakin çox vaxt sarılıq, anoreksiya və halsızlıq kimi şikayətlərlə özünü biruzə verir. Hepatit klinik gedişatına görə kəskin və xronik olur. 6 aydan qısa müddət kəskin hepatit, 6 aydan uzun müddət davam edərsə xronik hepatit adlanır.

Yaranma səbəbinə görə infeksion və qeyri infeksion hepatitlərə rast gəlinir. İnfeksion hepatit dünyada ən çox hepatit virusları deyilən bir qrup virus tərəfindən, bundan başqa sporadik hepatit törədən viruslar (CMV, EBV, HSV və s), müxtəlif bakteriyalar, parazitlər, helmintlər tərəfindən törədilə bilər. Qeyri infeksion hepatitin yaranma səbəbində isə toksinlər, alkoqol, dərman maddələri, hamiləlik, autoimmun hepatit, Wilson xəstəliyi, Alfa 1 antitripsin əksikliyi, hemoxromatoz, alkoqola bağlı olmayan qaraciyər piylənməsi, birincili biliar sirroz, birincili sklerozan xolangit kimi xəstəliklər durur.

Hepatitə səbəb olan faktorlar arasında əsas yeri hepatit virusları tutur. Bütün hepatit virusları yoluxucudur. Lakin yoluxma yolları və yoluxduruculuq qabiliyyəti fərqlidir.Hepatit A və E virusları əsasən fekal-oral yolla, hepatit B,C,D,G isə qan vasitəsi ilə, qan və bədən mayeləri ilə kontaminasiya olmuş material vasitəsi ilə, yaxın təmas və cinsi yolla yoluxa bilər.

Hepatit A: Hepatit A fekal-oral yolla keçən virus infeksiyasıdır. Əsas klinik simptomlar bədən hərarətində yüksəlmə, halsızlıq, ürəkbulanma, qusma, qarın ağrısı, sidik rəngində tündləşmə, sklera və dəridə saralmadır. Lakin xəstəliyin klinik simptomsuz gedişatına da rast gəlinir. 6 yaşından kiçik uşaqlarda xəstəlik əsasən subklinik keçdiyi halda, daha böyük uşaqlarda və yetişkin insanların çoxunda virus sarılıqla müşahidə olunan, bir neçə həftə davam edən xəstəliyə səbəb ola bilər. Hepatit A virusu xronikləşməsə də nadir hallarda fulminant gedişli olub qaraciyər çatışmazlığına və ölümə səbəb ola bilər. Digər hepatitlərdən diferensasiyası yalnız qan testləri vasitəsi ilə olur.

Xəstəliyin rast gəlməsində payız və qış aylarında artım müşahidə olunur. Qan vermə zamanı hepatit A virusunun inkubasiya dövründə olan donorlardan virus qan alan insanlara yoluxa bilər. Lakin davamlı virus daşıyıcılığı müşahidə olunmadığına görə qan köçürməyə bağlı virus infeksiyaları az hallarda görülür. Həmçinin virusun oral və anal cinsi əlaqəyə bağlı, kirli və xlorlanmamış hovuzlarda üzməyə bağlı və yaxın təmasla yoluxmaları da mövcuddur. Yoluxduruculuq klinik simptomların görülməsindən 1-2 həftə əvvəl başlayır və sarılıq ortaya çıxdıqdan 1 həftə sonraya qədər davam edir. Təxminən virusa yoluxduqdan 30 gün sonra xəstəliyin simptomları üzə çıxır. Xəstəliyin diaqnozu seroloji Anti-HAV-İgM , Anti-HAV-İgG anticisimlərinin təyini ilə qoyulur.

Hepatit A virusunun spesifik müalicəsi yoxdur. Yalnız simptomatik müalicə aparılır. Xəstə fulminant hepatit riski baxımından ciddi nəzarətdə saxlanılmalıdır.Xəstəlik müddəti ərzində xəstəyə yataq istirahəti məsləhət görülməli, qida rasionu yetərli miqdarda protein və kalori ilə təmin olunmalıdır.

Hepatit A virusuna qarşı ən təsir edici qorunma yolu gigiyena və sağlamlıq qaydalarına ciddi riayət etmək, həmçinin qoruyucu peyvənd tətbiq etməkdir.Peyvəndin qoruyuculuğu 94-100 % olub, təsirini 20 il saxlayır. Peyvənd 2 doza şəklində tətbiq olunur.

Hepatit B: Hepatit B virusu ( HBV ) kiçik, hepatotrop DNT virusu olub təbii yolla yalnız insanları yoluxdurur. Xəstəlik klinik gedişatına görə kəskin və xronik ola bilər. Xəstəlik müddəti 6 aydan qısadırsa kəskin hepatit adlanır. Kəskin HBV infeksiyası 6 aydan daha uzun davam edərsə xronikləşmiş olur. Xronik infeksiya isə ömür boyu davam edə bilər. Kəskin HBV infeksiyasının xronikləşmə riski xəstənin yaşı ilə bir başa əlaqəlidir. Xronikləşmə faizi yaş artdıqca azalır. Körpələrdə xronikləşmə faizi 90 %-dir. 1-5 yaş arasında 25-50 %, 5 yaşdan yuxarı 6-10 % və yetişkin insanlarda 5 % dir.

HBV qan, sperma, vaginal möhtəviyyat və başqa bədən mayeləri vasitəsi ilə yoluxur.Yoluxmaya səbəb olan faktorlar:

  • Qanın zədələnilmiş dəri və ya selikli qişa ilə təması nəticəsində
  • Hepatit B virusulu partnyor ilə cinsi əlaqə
  • Doğuş zamanı (Ananın qanının ya da qanlı mayelərin körpənin zədələnmiş dərisi ya da selikli qişası vasitəsilə ya da göbək ciyəsi vasitəsilə keçməsi ilə)
  • Damar daxili maddə aludəçilərinin iynə və başqa materialları ortaq istifadə etməsi ilə

Hepatit B-nin klinik gedişi son dərəcə müxtəlifdir. İnfeksiya simptomsuz və ya subklinik , yaxud sarılıqsız ( anikterik ) və ya sarılıqla ( ikterik ) müşahidə oluna bilər. Simptomsuz hepatit və anikterik hepatit terminləri tez-tez bir-birinin əvəzinə işlədilir. Ancaq çox vaxt anikterik hepatit klinik simptomları olan, lakin sarılıq inkişaf etməyən vəziyyətləri ifadə edir.Simptosuz hepatitdə sarılıq və digər əlamətlər olmur. Belə asimptomatik hallar təsadüfən biokimyəvi və ya virusa aid seroloji testlərlə təyin edilir. HBV-nin klinik simptomlarına aşağıdakılar aiddir:

  • Qarın ağrısı
  • Sidiyin tünd rəngdə olması
  • Yüksək temperatur
  • Oynaqlarda ağrı
  • İştahanın itməsi
  • Ürək bulanması və qusma
  • Zəiflik və yorğunluq
  • Dəri və ya gözün selikli qişasında sarılıq
  • Baş ağrısı
  • Əzələ ağrısı
  • Qəbizlik
  • İshal

Klinik formada xəstəlik əlamətləri mülayim və müvəqqəti, ya da ağır və uzanmış ola bilər. Xəstələr tamamilə sağala bilər, yaxud, xronik hepatit formalaşa bilər və ya fulminant hepatit inkişaf edərək letallıqla nəticələnə bilər.

HBV-nin diaqnozu seroloji olaraq HBV antigen və anticismlərinin ( HBsAg, HBeAg, Anti-HBc İgM,Anti-HBc İgG, Anti-HBe ), həmçinin molekulyar bioloji üsullarla HBV DNT-nin təyini ilə qoyulur. Xronik HBV HBeAg, HBV DNT və ALT (alanin aminotransferaz ) testlərinin nəticilərinə əsasən HBeAg pozitiv xronik infeksiya, HBeAg pozitiv xronik hepatit, HBeAg neqativ xronik infeksiya, HBeAg neqativ xronik hepatit, HBsAg neqativ deyə 5 fazaya ayrılır və müalicə planına bu fazalara uyğun olaraq qərar verilir.

Xronik HBV infeksiyası olan xəstələrin müalicəsinin əsas məqsədi proqressiv xroniki qaraciyər xəstəliyinin inkişaf riskini, digər şəxslərə virusun yoluxma riskini və xronik HBV infeksiyasının uzun müddətli ağırlaşmalarından olan sirroz və hepatosellulyar karsinoma riskini azaltmaqdır. Xronik HBV infeksiyasının müalicəsi interferon ( PegİFN ) və Nukleoz(t)id analoqları ( Lamivudin, Adefovir, Telbivudin, Entekavir və Tenofovir AF,Tenofovir DF ) ilə aparıla bilər. Müasir dərman vasitələri ilə virusun yükü tam neqativləşir.

HBV-dən qorunmanın ən təsirli yolu qoruyucu peyvənd tətbiq etməkdir.Peyvənd 3 doza şəklində, 0, 1 və 6-cı aylarda tətbiq olunur.

Hepatit C: Hepatit C virusu ( HCV ) kəskin və xronik hepatitə səbəb olan RNT tərkibli virusdur. Hepatit C virusu 80 % hallarda xronikləşir. Xronikləşməyə bağlı olaraq HCV xəstələrində sirroz və hepatosellular karsinoma riski artmış olur. Buna görə də HCV bütün dünyada mühüm ictimai sağlamlıq problemidir. Hazırki məlumatlara əsasən ən azı 6 əsas HCV genotipi və yüzdən çox yarımtip mövcuddur. HCV genotipləri rəqəmlə ( məsələn, genotip 1a,1b,2a,2b,3a ) göstərilir.

HCV nin yoluxma yolları aşağıdakılardır:

  • Hepatit C virusu daşıyan qan və qan komponentlərinin istifadəsi ilə ( günümüzdə bütün qan məhsulları hepatit C virusu və digər yoluxucu xəstəliklər görə screening olunur, buna görə bu yolla virus yayılması azalmışdır)
  • Qorunmasız cinsi əlaqə ilə
  • Damar daxili maddə aludəçilərinin ortaq istifadə etdikləri iynə və başqa material vasitəsi ilə
  • Hepatit C virusu ilə infekte material ilə olunan döymə, piercing kimi əməliyyatlar zamanı
  • Hemodializ xəstələri arasında
  • Doğuş zamanı (Ananın qanının ya da qanlı mayelərin körpənin zədələnmiş dərisi ya da selikli qişası vasitəsilə ya da göbək ciyəsi vasitəsilə keçməsi ilə)
  • Düzgün qaydada təmizlənməmiş tibbi material istifadəsi ilə

HCV infeksiyasının laborator diaqnozunda seroloji, molekulyar, histopatoloji və biokimyəvi üsullar istifadə edilir. HCV-də dəqiq diaqnoz yalnız seroloji yolla anticisim ( Anti HCV ) təyin edilməsi və molekulyar üsullarla HCV RNT-sinin təyini ilə müəyyənləşdirilir. Daha sonra genotip təyininə baxılır. Histopatoloji müayinələr qaraciyər zədələnməsinin aşkar edilməsi baxımından əhəmiyyətlidir. Biokimyəvi üsullar isə daha çox xəstəliyin müşahidəsində istifadə edilir.

HCV xəstəliyində daşıyıcılıq termini nomeklaturadan götürülmüşdür. Qanında virus yükü pozitiv olan hər bir şəxs hepatit C xəstəsi kimi qiymətləndirilməli və müalicə olunmalıdır. HCV infeksiyasının müalicəsində istifadə olunan dərman seçimi və müalicə müddəti virusun genotipindən asılıdır. Müalicədə interferon ( PegİFN ) və müasir dərman vasitələrinin kombinasiyasından ( Sofosbuvir 400 mg, Ledipasvir 90 mg, Daclatasvir 60 mg, Velpatasvir 100 mg və.s ) istifadə olunur. Hepatit C virusu tam müalicə olunur və müsbət nəaliyyətlər əldə edilir.

Təəssüf ki, HCV-yə qarşı qoruyucu peyvənd mövcud deyil.

Hepatit E: Hepatit E virusu fekal-oral yol ilə yoluxur. Hamiləlik zamanı hepatit E virusuna yoluxma riski artmış olur. Hepatit E virusu hamilələrdə 3-cü trimestr düşüklərinə, erkən doğum riskinə, ciddi qaraciyər çatışmazlığına və 10-20 % ölüm riskinə səbəb ola bilər. Hepatit E-nin müalicəsi yoxdur. Şikayətlərə əsasən yalnız simptomatik müalicə təyin edilir. Hepatit E-yə qarşı qoruyucu peyvənd mövcud deyil.

Hepatit D: Hepatit D virusu yalnız hepatit B virusu ilə yoluxmuş şəxslərdə xəstəlik törədir. HDV replikasiya üçün HBV-yə ehtiyac duyduğundan, şəxsin əvvəlcədən HBV ilə qarşılaşma vəziyyətindən asılı olaraq iki klinik hal müşahidə edilir. Əgər HDV HBV ilə eyni anda yoluxarsa koinfeksiya, HBV ilə infektə xəstələrə sonradan yoluxarsa superinfeksiya adlanır.Koinfeksiya zamanı xəstələrdə fulminant hepatit riski artmış olsa da, xəstəliyin gedişatı əsasən kəskin HBV infeksiyasında olduğu kimi olur. Ancaq superinfeksiya zamanı fulminant hepatit ilə nəticələnən ağır kəskin hepatit meydana gələ bilər və ya xronik HBV infeksiyasının gedişatı daha da ağırlaşa bilər.

 

Dr. Turan İbrahimova.

∎ Məqalənin sonu

Fətəli xan Xoyski, 128

Nərimanov, Bakı, AZ1072

info@talassemiya-merkezi.com

Onlayn müraciət

(+99412) 1842

Çağrı Mərkəzi