Profilinə görə regionda yeganə tibb müəssisəsi olan Talassemiya Mərkəzi

Azərbaycanda ilk dəfə Talassemiya Mərkəzində xüsusi metodla alınan kök hüceyrələr klinik praktikada tətbiq edilib

17.01.2019

Azərbaycanda xarici və yerli mütəxəssislərin iştirakı ilə uzun müddət xəstəlikdən əziyyət çəkən iki nəfərə sümük iliyi və yağ toxumalarından əldə edilən kök hüceyrələrin transplantasiyası həyata keçirilib. Bununla da Azərbaycanda ilk dəfə Talassemiya Mərkəzində xüsusi metodla alınan kök hüceyrələr klinik praktikada tətbiq edilib.

Baldırının aşağı 1/3 hissəsində əmələ gələn və bütün müalicə tədbirlərinə baxmayaraq sağalmayan spontan yaradan əziyyət çəkən 51 yaşlı qadına kök hüceyrə terapiyası aparılıb. Sol ayaqda dərin vena trombozu ilə başlayan və iki ildən artıq müddətdə sağalmayan yara ətrafına kök hüceyrələrin köçürülməsi əməliyyatı həyata keçirilib.

Diz oynağı artrozundan və şiddətli ağrılardan əziyyət çəkən ikinci xəstənin oynağı daxilinə isə öz adipoz (piy) toxumasından liposaksiya üsulu ilə alınmış kök hüceyrələr köçürülüb.

Yaraya köçürülən kök hüceyrələri Talassemiya Mərkəzinin hematoloqları xəstənin qalça sümüyündən alıblar. Mərkəzin aferez mütəxəssisləri “Harvest” cihazında sümük iliyi və piy toxumasından kök hüceyrələri ayıraraq transplantasiya üçün hazırlayıb.

Qeyd edək ki, Talassemiya Mərkəzində indiyədək talassemiyadan və leykozdan əziyyət çəkən 70-dən çox xəstəyə uğurla sümük iliyi (kök hüceyrə) transplantasiyası həyata keçirilib. Mərkəzdə yeni texnologiya ilə mezenximal kök hüceyrə terapiyasının tətbiqindən sonra isə bir sıra xroniki xəstəliklərin müalicəsi üçün xarici ölkələrə üz tutmağa ehtiyac qalmayacaq.

Kök hüceyrələrin müalicədə tətbiqinə həsr olunan seminarda çıxış edən Talassemiya Mərkəzinin icraçı direktoru Valeh Hüseynov seminara qatılan diplomatik nümayəndələrə, xarici və yerli mütəxəssislərə Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən “Talassemiyasız həyat naminə” layihəsi çərçivəsində görülən tədbirlər barədə məlumat verib.

Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi ilə tibbi xidmətin təkmilləşdirilməsi, maddi-texniki bazanın gücləndirilməsi istiqamətində görülən işlər sayəsində artıq Talassemiya Mərkəzi regionun referens mərkəzi kimi qəbul edilir.

Mərkəzin icraçı direktoru yeni metodla əldə edilən kök hüceyrələrlə müalicənin əhəmiyyətindən danışıb, “Kök hüceyrə və kök hüceyrə transplantasiyasının əsasları” barədə məruzə edərək, “TerumoBCT” şirkətinə bu sahədə dəstək üçün təşəkkürünü bildirib.

Seminarda iştirak edən Belçika səfirinin müavini Denis Naets yerli mütəxəssislərə uğurlar diləyərək ölkəsini təmsil edən şirkət ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edib.

Şirkətin Azərbaycan və Orta Asiya üzrə nümayəndəsi Arif Cəbrayılov çıxışında ölkəmizə yeni gətirilmiş “Harvest” cihazının bir sıra xəstəliklərin, o cümlədən artroz, diabetik ayaq və s. kimi xroniki patologiyaların müalicəsində istifadə imkanlarından danışıb. Bildirilib ki, bu metodla eyni zamanda bəzi xəstəliklərin müalicəsində geniş istifadə edilən yüksək keyfiyyətli PRP (trombositlə zəngin plazma) də əldə olunur.

Tədbirdə xaricdən dəvət olunmuş mütəxəsisslər, ortoped-cərrah Dmitras Tsoukas (Yunanıstan), damar cərrahı Boris Pavlov (Belarus) və “Terumo BCT” şirkətinin regional meneceri Anuar Botabayevin (Qazaxıstan) elmi məruzələri dinlənilib.

Seminar Bakı şəhərinin müxtəlif tibb müəssisələrindən olan elm adamlarının, mütəxəssislərin müzakirələri ilə davam edib.

Digər mənbələr:

∎ Məqalənin sonu

Fətəli xan Xoyski, 128

Nərimanov, Bakı, AZ1072

info@talassemiya-merkezi.com

Onlayn müraciət

1842

Çağrı Mərkəzi